Pakistanın Çin Mənşəli Zenit Qalası| Soyuq müharibənin zenit silahları PUA-lara qarşı yenidən səhnədədir

2025/05/1748495169.jpg
Oxunub: 1335     10:29     31 May 2025    
Soyuq Müharibə dövründə hazırlanmış zenit sistemləri bu gün Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı yenidən qiymətləndirilir. Xüsusilə Hindistanın Pakistandan gələn yüzlərlə PUA-nı Soyuq Müharibə dövrünün silahları ilə zərərsizləşdirməsi, bu sistemlərin müasir assimetrik təhdidlərə qarşı hələ də etibarlı həll olub-olmadığını gündəmə gətirib.

Hindistan Ordusu “40 mm Bofors L70” və “23 mm ZU-23-2” kimi köhnə zenit sistemlərini “Bharat Electronics Limited” (BEL) tərəfindən hazırlanmış radar və elektro-optik sistemlərlə modernləşdirərək PUA-lara qarşı təsirli nəticələr əldə etdi. Xüsusilə “Swathi WLR” və TCR radarları sayəsində aşağı radar izi olan PUA-lar aşkar edilərək zərərsizləşdirilib .

Təqaüddə olan briqada generalı Anşuman Naranq bu modernizasiyanın “gözləntilərin çox irəlisində” uğur gətirdiyini bildirərək, köhnə sistemlərin düzgün təkmilləşdirmələrlə yenidən funksional ola biləcəyini vurğulayıb.

“Bharat Electronics Limited” (BEL) 1954-cü ildə Hindistan Müdafiə Nazirliyinə bağlı olaraq qurulmuş, Hindistanın aparıcı dövlət dəstəkli müdafiə və aviasiya elektronikası şirkətidir. Benqalurda yerləşən BEL Hindistan Silahlı Qüvvələrinin elektronika ehtiyaclarını qarşılamaq üçün fəaliyyət göstərir. 2024-cü ildə “İsrail Aviasiya Sənayesi” (IAI) ilə birgə müəssisə yaradaraq, Hindistanın orta mənzilli “yer-hava” raket sistemlərinə istismar dövrü dəstəyi göstərir.

Pakistanın Çin Mənşəli Zenit Gücü

Pakistan ordusu havadan müdafiə infrastrukturunda Soyuq Müharibədən bu günə qədər uzanan geniş bir zenit sistemləri portfelindən istifadə edir. Çin tərəfindən təmin olunan “14,5 mm Type 56”, “Type 58” və “Type 75” kimi sistemlər Sovet ZPU seriyasının modernləşdirilmiş versiyalarıdır. Bu sistemlər yüksək lülə çıxış sürətləri, təsirli məsafələri və daşına bilən quruluşları ilə alçaq hündürlük təhdidlərinə qarşı effektiv qoruma təmin edir. “Type 75” kimi yüngül sistemlər dağlıq və meşəlik ərazilərdə istifadəyə asanlıq gətirir; “Type 56” kimi ağır sistemlər isə zireh deşici sursat və avtomatik tuşlama sistemləri ilə seçilir.

Pakistan “Rheinmetall” istehsalı 20 mm-lik silah sistemlərindən Fransa istehsalı “Panhard AML 20-30” zirehli texnikasına qədər müxtəlif orta çaplı zenit sistemlərinə malikdir. Bu sistemlər xüsusilə hava bazalarının və strateji obyektlərin qorunmasında istifadə olunur. “37 mm Type 55”, “Type 65” və avtomatik komanda-idarəetmə sistemləri ilə təchiz edilmiş “Type 74” kimi modellər keçmiş Hindistan-Pakistan toqquşmalarında fəal şəkildə istifadə olunub. Hazırda isə bu sistemlərin modernləşdirilmiş versiyaları PUA və kəşfiyyat təyyarələrinə qarşı tətbiq olunur, elektro-optik nişangahlar və elektriklə işləyən hərəkət sistemləri ilə təchiz edilib.

Pakistan 35 mm və 57 mm çaplı zenit batareyaları yerləşdirməklə çoxtəbəqəli hava müdafiə strategiyası qurub. “Oerlikon GDF-002” və “Type 99” kimi iki lüləli 35 mm sistemlər “Skyguard” və “Type 902” atəş idarəetmə radarları ilə inteqrasiya olunub. “57 mm Type 57” sistemləri isə Sovet S-60-ın Çin surəti olub, həm hava, həm də yer hədəflərinə qarşı çevik istifadə imkanı təmin edir. Bu sistemlər limanların, hava bazalarının və kritik hərbi obyektlərin müdafiəsində əsas rol oynayır. Radarla idarə olunan hədəf aşkarlama, avtomatik atəş idarəetməsi və böyük sursat tutumu sayəsində Pakistan ordusu alçaq və orta hündürlükdəki təhdidlərə qarşı güclü müdafiə xətti formalaşdırıb.

Türkiyə Silahlı Qüvvələrinin Zenit Modernizasiyası

Türkiyə Silahlı Qüvvələri (TSQ) də Soyuq Müharibə dövrünün zenit sistemlərini ASELSAN-ın texnoloji müdaxiləsi ilə müasir təhdidlərə qarşı uyğunlaşdırıb. TSQ-nin inventarında alçaq hündürlükdəki hədəflərə qarşı effektiv olan “40 mm Bofors L70” topları, ASELSAN tərəfindən modernləşdirilmiş “35 mm Oerlikon GDF-001” və təlim və regional müdafiədə istifadə edilən “M42 Duster”, 20 mm və 40 mm çaplı toplar mövcuddur.

ASELSAN-dan PUA-lara Qarşı Yüksək Texnologiyalı Həllər

“Korkut” HHM Sistemi: ASELSAN tərəfindən hazırlanan “Korkut” 35 mm topu, avtomatik sursat yükləmə sistemi və ATOM sursatı ilə təchiz edilib. 4 km mənzili, dəqiqədə 1100 atəş sürəti və radar/optik tuşlama imkanları ilə seçilir.

İHTAR Antidron Sistemi: Radar, elektro-optik və “jammer” komponentlərini birləşdirən İHTAR kiçik PUA-lara qarşı effektiv müdafiə təmin edir.

GÜRZ Hibrid HHM Sistemi: 2025-ci ildə təqdim edilən bu sistem 35 mm GÖKER topu, GÖKBERK lazer silahı, AESA radarı və KANGAL qarışdırıcı sistemini birləşdirərək çoxtəbəqəli müdafiə təmin edir.

Bu sistemlər Liviya, Suriya və İraqdakı əməliyyatlarda uğurla istifadə edilərək “Combat Proven” statusu qazanıb.

Hər iki ölkə də Soyuq Müharibə dövrünə aid zenit sistemlərini müasir radar və elektro-optik sensorlarla təchiz edərək müasir təhdidlərə qarşı yenidən aktiv edib. Xərclərə həssas yanaşan hər iki tərəf bahalı raket sistemləri əvəzinə modernləşdirilmiş sistemləri üstün tutur. Türkiyə “Korkut” kimi özüyeriyən HHM sistemlərinə üstünlük verərək mobilliyi artırır, Hindistan isə daha çox orta və ağır çaplı zenit sistemlərinin modernizasiyasına yönəlib. Bundan əlavə, Türkiyə GÜRZ sistemi vasitəsilə lazer və “jammer” kimi hibrid komponentləri inteqrasiya edərək çoxtəbəqəli və innovativ müdafiə yanaşması tətbiq edir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Çin   PUA  


Bizi "telegram"da izləyin